Bədii ədəbiyyatda insan konsepsiyası

Ədəbiyyat 20 İyul 2020

Ədəbiyyatın mərkəzi məsələlərindən biri və ən başlıcası insan problemidir. Bəşəriyyət bütün tarixi dövrlərdə maddi aləmi dərk etməklə yanaşı, həmişə özünü də dərk etməyə çalışmışdır. Özünüdərketmə prosesi dünyanın dərk edilməsindən daha çətin olmuşdur. İnsanı dərk etməyə, onun daxili sirlərini açmağa xidmət edən təfəkkür formalarından ən güclüsü və ən uyğunu bədii ədəbiyyatdır. Ədəbiyyatın gücü və üstünlüyü insanı daha adekvat şəkildə əks etdirə bilməsidir. Əgər elm insanı dərk edərkən öz obyektini sxematikləşdirirsə, ədəbiyyat obrazlar vasitəsilə insanı real həyatdakına yaxın bir şəkildə qavrayır.

Dünya ədəbiyyatını vahid bir proses, onun ayrı-ayrı dövrlərini bu prosesin mərhələləri kimi qəbul etsək, onda ədəbiyyatı bəşəriyyətin mənəvi-ruhi tərcümeyi-halı adlandırmaq olar. Hər bir fərd uşaqlıqdan qocalığa doğru bir inkişaf yolu keçdiyi kimi tarixi insan da yarandığı dövrdən müasir zamana qədər təkamül yolu keçir. Bu uzun yolun xüsusiyyətlərini, bu mürəkkəb inkişafın izlərini ədəbiyyatda axtarmaq və tapmaq vacib məsələlərdən biridir. Məhz bədii ədəbiyyat insanın tarixi inkişaf yolunu, onun təkamülünü daha dolğun əks etdirən təfəkkür formasıdır.Bu tarixi yolu bir neçə böyük mərhələyə bölmək olar. Onlardan birincisi və ən qədimi mifoloji təfəkkür dövrüdür. Bu dövrün insanı dünyanı rəmzlər aləmi kimi görür və reallıqda təxəyyül arasında bir fərq qoymurdu. Mifoloji təfəkkür hələ tarixin və zamanın nə olduğunu dərk etməmişdi. Qədim insanlar üçün nə keçmiş, nə də gələcək vardı. Onlar üçün yalnız indiki zaman içində yaşadığı an mövcud idi. Bədii təfəkkürdə hərfi və məcazi məna anlayışları da yox idi. Arzu onlara reallıq qədər gerçək, reallıq isə arzu qədər ecazkar görünürdü. Antik sənətdə və ədəbiyyatda təsvir olunan insan obrazının xarakterik cəhətini fiziki və ruhi mahiyyətlərin vəhdətində və harmoniyasında axtarmaq lazımdır. Antik insan ən çox təbii hisslər və həyəcanlarla yaşayan varlıqdır. Lakin bu, o demək deyildir ki, klassik sənətdə ruhi aləm və onun əksi yoxdur. Burada ruhi mahiyyət fiziki mahiyyətlə elə birləşir ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.